BAKI. 18 avqust. TELEQRAF

"Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir".

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə BDU-da “Ərəb dili ayı”nın açılış məraisimində çıxışı zamanı deyib.

Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı gənclər artıq ərəb dilinə də böyük maraq göstərir. Onun sözlərinə görə, BMT-nin 6 rəsmi və işçi dilindən biri olan ərəb dili dünyanın ən qədim və zəngin dillərindən biridir: "Bu dil yalnız kommunikasiya vasitəsi deyil, həm də sivilizasiya, mədəniyyət, elmi irs və mənəvi dəyərlərin daşıyıcısıdır.

Əsrlər boyu ərəb dili Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü olub, bəşər sivilizasiyasının inkişafında mühüm rol oynayıb.

Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşmuş, zəngin biliklər qazanmış və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim edib.

BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Bu həmişə belə olub və gələcəkdə də belə olacaq".

Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov isə bildirib ki, Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb.

"Ərəb dili vasitəsilə Azərbaycan İslam mədəniyyətinə sıx inteqrasiya olunub. Müasir dövrdə isə bu dilin öyrənilməsi artmaqdadır. Bu isə ərəb dilinin diplomatik, iqtisadi və turizm sahəsində önəmli payından xəbər verir", - rektor vurğulayıb.