BAKI, 25 iyun. TELEQRAF
Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü keçirilir.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bugünki imtahanda fizika və informatika fənlərini tədris edən müəllimlər iştirak edirlər.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, bu gün paytaxt üzrə 1550 fizika və informatika müəllimi (741 fizika, 809 informatika) sertifikatlaşdırma prosesinə dəvət olunub.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilib. Cari ildə paytaxtda 4 500-dən çox müəllim sertifikasiyaya cəlb olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.