BAKI, 3 iyun. TELEQRAF

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanından artıq 916 nəfər qeydiyyatdan keçib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİM-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

Onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddət ərzində 916 nəfər (580 qadın və 336 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 702 nəfər imtahanda iştirak edib. Qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 191 nəfər, magistratura – 184 nəfər, doktorantura – 88 nəfər) üstünlük təşkil edir. Sınaq imtahanı iştirakçıları arasında xarici ölkə vətəndaşları da var.

ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq.

Qeyd edək ki, Məleykə Abbaszadə nəticələrin emal olunması üçün ilkin olaraq 2000 nəfərlik iştirakçı bazasına ehtiyac olduğunu bildirmişdi.