BAKI, 25 may. TELEQRAF
Bu gün səhər saatlarında ölkənin müxtəlif bölgələrində minlərlə abituriyent qəbul imtahanına yollanmışdı.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 54 mindən çox abituriyentin iştirakı nəzərdə tutulurdu.
Teleqraf-ın əməkdaşları DİM tərəfindən akkreditasiyadan keçərək imtahan prosesini müşahidə ediblər.
Jurnalistlər üçün əvvəlcədən müəyyən olunmuş qaydalara əsasən, yalnız xüsusi akkreditasiya ilə imtahan binalarına giriş mümkündür. İmtahan günü akkreditasiya vəsiqəsində düşdüyümüz məktəbi öyrəndikdən sonra ünvana yollandıq.
DİM təlimatlarına uyğun olaraq, biz Bakı şəhəri Binəqədi rayonundakı 248 nömrəli tam orta məktəbdə imtahanı izləmə şansı əldə etdik.
Binaya daxil olmaq üçün jurnalistlərdən şəxsiyyət vəsiqəsi, press kart və DİM tərəfindən verilmiş akkreditasiya sənədi tələb olundu.
Məktəbin həyətinə daxil olanda bizi həyəcan və gözlənti içində olan valideynlər qarşıladılar. Hər biri övladının imtahandan çıxmasını ümidlə gözləyirdi. Əsasən hazırlıq prosesi, övladlarının hansı ixtisasa qəbul olmaq istədikləri ilə bağlı söhbətlərinə biz də müdaxilə etdik:
”Qismətində nədirsə, o olacaq” deyən Natəvan İsmayılova oğlunun ll qrup üzrə imtahan verdiyini deyir:
.jpg)
“Oğlum Nəriman İqtisad Universitetinə qəbul olmaq istəyir. Riyaziyyat və coğrafiyanı yaxşı yazmalıdır. Burada təkcə öz övladım üçün yox, bütün uşaqlar üçün dua edirəm. Hər bir valideyn eyni həyəcanı yaşayır. Arzum budur ki, zəhmət çəkən hər kəs istədiyi nəticəni əldə etsin. Uşaqlarımız üçün əlimizdən gələni edirik ki, gözəl nəticələr qazansınlar”.
Balı hara düşsə, oranı seçəcək
Valideyn Elnarə Sultanova: “Oğlum 9-cu sinifdən hazırlığa gedir, buraxılış imtahanında 150 bal toplayıb. Yekun nəticəyə baxacağıq. Balı hara düşsə, oranı seçəcək. Valideyn kimi borcumuz inanmaq və dəstək verməkdir”.
Qızını imtahana gətirən Zaur Mehdiyev: “Qızım coğrafiya müəllimi olmaq arzusu ilə ll qrupa imtahan verir. Çox çalışıb. Ailəmizdə təhsilə həmişə önəm verilib. Böyük qardaşı 2022-ci ildə hüquqa daxil olub, indi də o ali təhsil almağa çalışır. Əminəm ki, zəhmətinin qarşılığını alacaq”.
.jpg)
Nəvəmin turizm sahəsinə böyük marağı var
Nəvəsini gözləyən Fazilə Vəliyeva: “Bu gün ilk nəvəmi gözləyirəm, çox həyəcanlıyam. Bütün gənclərə uğurlar arzulayıram. Dövlətimizə də minnətdaram, imtahanlar çox gözəl şəkildə təşkil olunub. Nəvəm Nərminin turizm sahəsinə böyük marağı var. 2 ildir ikinci qrupa hazırlaşır, Allah bütün uşaqlara kömək olsun!”
Mehriban Əhmədova isə deyir ki, ürəyində həm narahatlıq, həm də böyük ümid var.
"Qızımın təhsillə bağlı böyük arzuları var. Valideyn kimi borcumuz inanmaq və ona dəstək verməkdir. Həmişə çalışmışıq ki, o ancaq dərslərinə yönəlsin, fikri oxumaqda olsun”.
Valideynlər çox həyəcanlıdırlar. Həm də neçə saatdır ki, övladlarının yolunu səbirsizliklə gözləyirlər.
Binadan ilk çıxan şagirddən imtahanın necə keçdiyini soruşmaq istədik, o isə çox qısa şəkildə ”Bilmirəm, imtahana elə-belə girmişdim”, deyib yola düzəldi.
İmtahanın son dəqiqələrində gərginlik daha da artdı. Valideynlər gözlərini məktəb qapısından ayırmırdılar, həm həyəcan, həm narahatlıqla övladlarının binadan çıxmasını gözləyirdilər.
Saat 13:00-da şagirdlərə verilən 3 saatlıq vaxt bitdi.
Abituriyentlər tək-tək binadan çıxmağa başladılar. Bəzilərinin simasında yorğunluq, bəzilərində tərəddüd, bəzilərində isə əminlik görünürdü.

Riyaziyyatdan çətinlik çəkdim
II ixtisas qrupu üzrə imtahan verən Ülvi Abdullayev təəssüratlarını bizimlə belə bölüşdü: “İmtahan ümumilikdə yaxşı keçdi. Suallar normal idi, çox da çətin deyildi. Amma riyaziyyatdan bir az çətinlik çəkdim. Demək olar ki, ən çox çətinliyim elə bu fənndən oldu”.
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olmağı arzulayan Ülvi ixtisas seçimini topladığı bala əsasən müəyyənləşdirəcək:
“Hara qəbul olacağım baldan asılıdır. UNEC-ə qəbul olmaq istəyirəm. 8-ci sinifdən başlayaraq hazırlaşıram”.
İkinci ixtisas qrupu üzrə imtahan verən Sara Əliyeva sualların ümumi səviyyəsindən razı qalsa da, coğrafiya fənninin çətin olduğunu qeyd etdi:
“Hansı ixtisası seçəcəyimi hələ bilmirəm. Qərarımı topladığım bala görə verəcəm”.
Sınaq imtahanları bundan qat-qat çətin olurdu
Mirməhəmməd Abdullazadə: "Coğrafiya çətin idi. Elə fənlər var idi ki, sualların bəziləri çətin idi, bəziləri isə asan. Coğrafiya bir qədər çətin oldu, amma riyaziyyat nisbətən asan gəldi. Tarix isə mənim üçün hamısından asan idi.
Sınaq imtahanları bundan qat-qat çətin olurdu. Mənə tanış olmayan sual qarşıma çıxmadı. Ümumilikdə razıyam. Buraxılış imtahanından 180 bal toplamışam. Menecment ixtisasına qəbul olmaq istəyirəm”.
Məhəmməd Səfiyev: “II ixtisas qrupu üzrə imtahan verirəm. Ən çox tarixdən çətinlik çəkdim. Xüsusilə Səlcuqlara, Qacarlara və keçmiş dövrlərə – ümumiyyətlə, Azərbaycan tarixinə aid bəzi suallar mənə çətin gəldi.”
Məhəmməd çətin suallara baxmayaraq, ümidli olduğunu deyir: “UNEC-ə qəbul olmaq istəyirəm. Gələcəyimi bu sahədə görürəm”.
200 bal gözləyirəm
İkinci ixtisas qrupu üzrə imtahan verən Səməd Məmmədov: “Suallar asan idi, amma bir az tarixdən çətinliyim oldu. Buraxılışdan 200 bal toplamışdım. Bu imtahandan da 200 bal gözləyirəm”.
Gözləntim başqa idi
İkinci ixtisas qrupu üzrə imtahan verən Yaqub Əhmədov sualların gözlədiyi qədər asan olmadığını deyir:

“Suallar normal idi, amma daha asan olacağını gözləyirdim. Ən çox coğrafiya və tarix çətin gəldi. Buraxılış imtahanından 120 bal toplamışam, bu dəfə daha yaxşı nəticə gözləyirəm. Arzum Bakı Dövlət Universitetinə qəbul olmaqdır”.
Sual kitabçaları təhlükəsiz yerdə saxlanılır
248 nömrəli məktəbin ümumi imtahan rəhbəri Famil Niftiyev bizə proseslə bağlı məlumat verdi:
"Sual kitabçaları səhər saatlarında imtahan rəhbərlərinin iştirakı ilə Dövlət İmtahan Mərkəzindən götürülərək imtahan keçirilən binaya gətirilir.
İmtahan bitəndən sonra cavab kartları da bizim iştirakımızla DİM-ə təhvil verilir.
Əsas məqsəd abituriyentlərin biliklərini obyektiv və rahat şəraitdə nümayiş etdirməsinə şərait yaratmaqdır. Heç bir qayda pozuntusu qeydə alınmayıb".

12 nəfər gəlməyib, köçürmə isə...
Onun sözlərinə görə, imtahan tam şəffaf və sakit şəraitdə keçdi.
"248 nömrəli məktəbdə keçirilən qəbul imtahanında ümumilikdə 260 nəfər abituriyentin qeydiyyatı aparılsa da, 248 nəfər iştirak edib. 12 nəfər iştirak etməyib. İmtahan saat 10:00-da başladı. Namizədlər saat 09:45-ə qədər binaya buraxıldı.
İmtahan müddəti 3 saatdır. İlk 2 saat ərzində heç kim binanı tərk edə bilməz. İmtahanın bitməsinə 15 dəqiqə qalmış isə çıxışa icazə verilmir. Sual kitabçalarını yalnız imtahanın sonuna qədər qalan iştirakçılar özləri ilə apara bilər. Köçürmə halı isə qeydə alınmayıb".
O qeyd edir ki, həkim əməkdaşlar imtahan binasında növbədə olsalar da, halı pisləşən heç bir abituriyent qeydə alınmayıb:
“23 nəfər nəzarətçi imtahanda iştirak edib. Binada buraxılış rejimində şagirdləri yoxlamaq üçün 2-si kişi, 2-si qadın olmaqla ümumilikdə 4 mühafizə əməkdaşı ayrılıb. Şagirdlərin üzərindən kəsici, deşici alət aşkarlanmayıb”.
Belə...Həyəcanı geridə qoyub bildiklərini yazıb imtahandan çıxan şagirdlər onları gözləyən valideynlərinin, dostlarının, nəvə-babalarının, bacı-qardaşlarının yanına tələsirdilər.
Bəziləri pərişan, bəziləri gülərüz...Bəzi abituriyentlər isə heç nəyə, heç kimə fikir vermədən sualları elə oradaca yoxlamağa başlamışdılar. Onlar nəticələrin açıqlanacağı günə qədər nə edəcəklər onu təsəvvür etmək çətin deyil.
Bu abituriyentlərin həyəcanlı anlarına şahidlik etmək elə onlarla birlikdə həyəcanlanmaq içimizdə qəribə hisslər oyatdı. Amma əminliklə deyə bilərəm ki, imtahan verən bacısını güllə qarşılamağa gələn balaca oğlanı hələ uzun müddət unuda bilməyəcəyik. Biz susaq, o özü danışsın...
FOTO: Elnur Muxtar
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)