BAKI, 21 may. TELEQRAF
Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub.
Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Belə ki, 16-19 iyun tarixlərində THE tərəfindən Türkiyənin İstanbul şəhərində keçiriləcək “Qlobal Davamlı İnkişaf Konqresi”ndə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı və aparıcı universitetlərimizin Azərbaycan pavilyonunda təmsil olunması nəzərdə tutulur.
Əlavə olaraq, 24-25 sentyabr tarixlərində Bakıda ilk dəfə “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda keçiriləcək “THE Avrasiya Universitetlərinin Sammiti”nə hazırlıq prosesi müzakirə olunub. Belə ki, sözügedən sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən çox spikerin və 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
• Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
• Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
• Qitələri əlaqələndirmək: Əməkdaşlıq və innovasiya imkanları
Ətraflı məlumat üçün: https://www.timeshighered-events.com/eurasia-universities-summit-2025