BAKI, 13 may. TELEQRAF
"Məktəbdaxili "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə nümunəvi ssenari və protokol göndərilib. Düşünürəm ki, protokoldan kənara çıxmaq düzgün deyil".
Bunu Teleqraf-ın builki "Son zəng" tədbirlərinin hansı formada keçiriləcəyi ilə bağlı sualına cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, agentlik tərəfindən "Son zəng" tədbirləri ilə bağlı təhsil müəssisələrinə çağırış edilib: “Məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi protokol göndərilib. Düşünürəm ki, protokoldan kənara çıxmaq düzgün deyil. Protokolda sadə, bədii hissə, eyni zamanda şagirdlərin kiçik həcmli çıxışları nəzərdə tutulub. Həmin tədbirdə yaradıcı hissələr də ola bilər. Amma bunun çox təmtəraqlı, məktəb kollektivinə, valideynə əlavə maliyyə yükü ilə keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu, yolverilməzdir".
Eşqi Bağırov qeyd edib ki, müəssisə daxilində neqativ hallara qarşı barışmaz mövqe tuturlar:
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır. Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Çalışırıq ki, hər zaman vətəndaş-valideyn müraciətlərinə operativ yanaşaq.
207 nömrəli məktəbdə baş verən neqativ hallarla bağlı agentlik xəbərdardır. Bununla bağlı komissiya yaradıldı. Məktəbin direktorunun yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparıldı, həmin direktorla olan əmək münasibətlərimizə son verilib. Buradan bir daha məktəb rəhbərliklərinə və təhsil müəssisələrində çalışan həmkarlarımıza çağırış edərək bildiririk ki, müəssisə daxilində hər hansı pozuntu halları tərəfimizdən yolverilməz hesab edilir və bu kimi hallara qarşı barışmaz mövqedəyik.
Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür".
Xatırladaq ki, MÜTDA 207 nömrəli tam orta məktəbdə araşdırma aparıb. Nəticədə "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən azad edilib.