BAKI, 22 aprel. TELEQRAF
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı tələblər, kreditlərin rəsmiləşdirilməsi və geri ödənilməsi prosesi, borcalanların hüquq və vəzifələri Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” ilə tənzimlənir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, qaydaya əsasən təhsil tələbə krediti almaq üçün hər hansı yaş həddi müəyyən edilməyib: “Təhsil tələbə kreditləri üzrə borcalanlar ölüm və ya əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarına qarşı sığortalanır və bu sığorta kredit müqaviləsinin bağlanması zamanı tətbiq olunur. Sığorta şirkəti tərəfindən yaş məhdudiyyəti nəzərə alınmır və yaşından asılı olmayaraq bütün tələbələrə eyni komissiya tarifi tətbiq edilir.
Beləliklə, mövcud sığorta mexanizmi müvafiq riskləri nəzərə almaqla öz üzərinə götürür. Sorğunuzda qeyd olunan statistikaya əsasən yalnız 13 nəfərin son ödəniş tarixi 60 və ya daha yuxarı yaşa təsadüf edir, onlardan da cəmi 3 nəfərin ödənişinin qaytarılma müddəti pensiya yaşından (hazırda 65 yaş) sonra başa çatacaq. Bu göstərici ümumi kredit alanların təxminən 0.02%-ni təşkil edir. Bundan əlavə, ömürboyu təhsil konsepsiyası ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm istiqamətlərdən biri kimi müəyyən olunub”, - məlumatda qeyd edilib.
Fondun fəaliyyətini tənzimləyən normativ aktlarda təhsilin hamı üçün əlçatanlığını, bərabər imkanların yaradılmasını və əhatə dairəsinin genişləndirilməsini təmin etmək əsas prinsip olduğu vurğulanıb:
“Bu səbəbdən yaş məhdudiyyətinin tətbiqinə ehtiyac görülməyib”.
Qeyd edək ki, təhsil tələbə kreditinin verilmə müddəti tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.
Xatırladaq ki, Hesablama Palatası kredit alanlara yaş məhdudiyyətin qoyulmasını təklif edib. Palatanın hesabatına əsasən Təhsil Tələbə Krediti Fondu kreditləri elə şəxslərə verib ki, onların son ödəmə tarixində yaşları 60, hətta daha yuxarı olacaq. Fonddan kredit alan həmin 13 nəfərdən 3-ü hətta son ödəniş tarixində pensiyaya çıxacaqlar.