BAKI, 1 aprel. TELEQRAF

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

Bu barədə Teleqraf-a Məkəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

"Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - Agentlikdən bildirilib.

Xatırladaq ki, 301 nömrəli tam orta məktəbin müəllimləri sözügedən direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edib, valideynlərin yanında onları təhqir etdiyini, "dərs dilənçiləri", "hinduşkabaş" kimi ifadələr işlətdiyini bildirmişdilər. Martın 10-da məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilmişdi.