.jpg)
BAKI, 15 mart. TELEQRAF
Dünyada bütün texnologiya növləri inkişaf edir, söhbət təkcə süni intellektdən getmir.
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya üçün yeni texnologiyalar” panel müzakirələrində Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev bildirib.
Onun sözlərinə görə, əsas məsələ süni intellektdən etik formada istifadədir.
“İnkişaf etmiş ölkələrdə gənclərin 62 faizi süni zəkadan istifadə etdiklərini bildirir. Texnologiyanın inkişafı təhsil və digər sahələrin də işinə müsbət mənada təsir göstərir. Belə olduğu halda mühəndislər, həkimlər və digər peşə sahibləri üçün böyük imkanlar yaranır. Amma süni zəkanın istifadəsi ilə bağlı müəyyən standartlar olmalıdır. Bu, mütləqdir. Məsələn, ABŞ prezidenti bütün vətəndaşlarının şəxsi məlumatlarına çıxış icazəsi verib. Tramp administrasiyası bununla nə etməyə çalışır, bilmirik. Silikon Vadisində olan böyük texnoloji şirkətlər bu cür vacib prosesə sıradan münasibət sərgiləyir. Avropa İttifaqı isə bu məsələyə daha ciddi formada yanaşır. Süni zəkanın inkişafı həm də işsizliklə bağlı problemə mənfi təsir edir, süni intellekt səbəbindən insanlar işsizlik problemi ilə üzləşirlər. Belə halların qarşısını almaq üçün qanunun aliliyi vacibdir”, - Rozen Plevneliyev qeyd edib.