BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Seneqalın Afrika İnteqrasiyası, xarici işlər və xaricdəki seneqallılar üzrə naziri Şeyx Nianq ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsi imkanları müzakirə olunub. Rəqəmsal idarəetmə, innovasiya və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirərək çoxtərəfli platformalarda əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşün yekununda iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədin müntəzəm siyasi dialoqun təmin edilməsinə və ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.