BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi və Milli Səhiyyə İnstitutları (NIH) bioloji müdafiə və pandemiyalara hazırlıq sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Bildirilib ki, əməkdaşlıq əsasən kimyəvi və bioloji müdafiə sahəsində tədqiqatları əhatə edəcək.

Nəşrin mənbələrinin məlumatına görə, birgə tədqiqatların maliyyələşdirilməsinə NIH-in strukturuna daxil olan ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun büdcəsindən təxminən 2 milyard dollar ayrıla bilər.

NYT yazır ki, saziş ABŞ Konqresində bəzi demokratların narazılığına səbəb olub. Qanunvericilər əməkdaşlığın Pentaqon rəsmilərinə səhiyyənin digər proqramları üçün ayrılmış vəsaitləri öz qurumlarının ehtiyaclarına yönəltmək imkanı verə biləcəyindən ehtiyat edirlər.