BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasının necə ola biləcəyi barədə təsəvvürə malik olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanmasına dair mümkün razılaşmanın hansı şərtləri əhatə etməli olduğu barədə suala Tramp belə cavab verib:
“Bizim sülhün necə olacağı barədə təsəvvürümüz var”.
ABŞ Prezidenti bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
Tramp, həmçinin indiyədək səkkiz müharibənin nizamlanmasına nail olduğunu bir daha iddia edib. O, Ukrayna münaqişəsinin həllinin ən asan məsələ olacağını düşündüyünü, lakin prosesin gözlədiyindən çətin olduğunu bildirib.
ABŞ liderinin fikrincə, nizamlanmaya Rusiya və Ukrayna rəhbərləri arasındakı şəxsi münasibətlər də mane olur.
“Onların arasında ciddi nifrət var və bu, onlara mane olur”, – Tramp deyib.