BAKI, 4 sentyabr. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Merkator xəritəsindən imtina etməyə çağıran qətnamə üzrə səsvermə keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Təşəbbüsün müəllifi Toqo xarici işlər naziri Robert Duceydir. Sənəddə qitələrin ölçüsünü daha dəqiq əks etdirən və Afrikanın əsl miqyasını təhrif etməyən xəritəyə keçmək təklif olunur.

Toqo xarici işlər nazirinin sözlərinə görə, qətnaməni Afrika İttifaqının digər 54 üzvü dəstəkləyib. Duce məsələnin siyasi deyil, tətbiqi və elmi xarakter daşıdığını vurğulayıb.

Nazir bildirib ki, bu müzakirə siyasi deyil, elmidir, çünki elmi dəlillər var və hamımız reallığı qəbul etməliyik.