BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə Çin arasında ticarət-iqtisadi münasibətləri yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bizim çox yaxşı ticarət əlaqələrimiz var. Bilirsiniz ki, Çin bizim rəqibimizdir, amma Çin Sədri Si Cinpinlə əla münasibətlərimiz var”, - ABŞ Prezidenti bildirib.

Tramp Si Cinpinin sentyabrın 24-də ABŞ-a səfər edəcəyini və onun şərəfinə dövlət qəbulu keçiriləcəyini açıqlayıb.

“Çinlə birlikdə böyük işlər görəcəyik. Çinlə münasibətlərimiz çox yaxşı gedir”, - Tramp əlavə edib.

ABŞ lideri sentyabrın 2-də də Si Cinpinlə Vaşinqtonda keçirəcəyi görüşdə bir çox “yaxşı və məhsuldar” məsələni müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

Qeyd edək ki, Çin xarici işlər naziri Van İ daha əvvəl Vaşinqton və Pekinin yüksək səviyyəli təmaslara mane olan problemləri aradan qaldırmalı olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər hələ də müxtəlif risk və çağırışlarla üzləşir.