BAKI, 5 sentyabr. TELEQRAF
Almaniya ilkin olaraq İsveçrə üçün nəzərdə tutulan “Patriot” hava hücumundan müdafiə sistemlərinin bəzi komponentlərini Bernə verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Radio və Televiziyası (SRF) məlumat yayıb.
Məlumata görə, İsveçrə Almaniya və ABŞ ilə danışıqlar apararaq Berlinin aldığı “Patriot” sistemlərinin bəzi komponentlərinin Bernə verilməsini təklif edib. Söhbət İsveçrənin hələ 2022-ci ildə sifariş etdiyi beş “Patriot” atəş qurğusundan gedir. Sistemlərin ilk hissəsinin 2026-cı, sonuncularının isə 2028-ci ildə çatdırılması planlaşdırılırdı.
Lakin Vaşinqton bu tədarükü öz “Patriot” sistemlərini Ukraynaya verən ölkələrdən biri olan Almaniyaya yönəltmək qərarına gəlib.
İsveçrənin Müdafiə Satınalmaları üzrə Federal İdarəsinin (“Armasuisse”) rəhbəri Urs Loer SRF-ə bildirib ki, Berlin və Vaşinqtonla aparılan danışıqlar nəticəsiz başa çatıb. Onun sözlərinə görə, Almaniya Ukraynaya verdiyi sistemləri mümkün qədər tez əvəz etmək istəyir.
SRF qeyd edir ki, yaranmış vəziyyət nəticəsində “Patriot” sistemlərinin İsveçrəyə tədarükü 2030-cu illərə qədər təxirə salınacaq. Layihənin ümumi dəyəri isə əvvəl nəzərdə tutulan 2 milyard İsveçrə frankından ən azı 3,7 milyard franka (təxminən 3,9 milyard dollar) yüksələcək.