BAKI, 5 sentyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail aviasiyasının Kfar-Rumman şəhərinə cümə axşamı endirdiyi zərbələr nəticəsində iki Livan vətəndaşı həlak olub. Daha bir nəfər Ramadiyada aldığı xəsarətlərdən ölüb.

İsrail ordusunun nümayəndəsi daha əvvəl bildirmişdi ki, aviasiya və pilotsuz uçuş aparatları “Hizbullah”ın hücumuna cavab olaraq Livandakı yerüstü hədəflərə zərbələr endirməyə başlayıb.

İsrail tərəfinin iddiasına görə, “Hizbullah” Nəbatiyyə şəhəri yaxınlığında İsrail hərbçilərinə doğru partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı göndərib.

***

01:28

İsrail Müdafiə Ordusu hərbçilərinə pilotsuz uçuş aparatı ilə hücumdan sonra Livanın cənubundakı hədəflərə zərbələr endirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi “Telegram” kanalında məlumat verilib.

İsrail tərəfinin iddiasına görə, Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən hərbçilər “Hizbullah” hərəkatına məxsus pilotsuz uçuş aparatının hücumuna məruz qalıblar.

SAXAL “Hizbullah”ı mövcud razılaşmaları pozmaqda ittiham edib.

“Buna cavab olaraq SAXAL hazırda Livanın cənubuna zərbələr endirir”, – İsrail ordusunun açıqlamasında bildirilib.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl də “Hizbullah”ın PUA buraxılışına cavab olaraq Livandakı anbarlara zərbələr endirdiyini açıqlamışdı.