BAKI, 28 may. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Əli Naderi İrana qarşı hər hansı yeni hərbi hücumun əvvəlkilərdən daha sərt cavabla qarşılanacağını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə İİKK-nın “3-cü kanal” televiziya proqramında çıxışı zamanı danışıb.

“Əgər düşmənlər yenidən hərbi əməliyyatlara başlasalar, İslam Respublikasının cavab üsulu indiyədək gördüklərindən fərqli olacaq. Onlar döyüş meydanında İranın döyüş gücünün yeni siması ilə qarşılaşacaqlar”, - Naderi vurğulayıb.

SEPAH rəsmisi qeyd edib ki, İran ABŞ və İsraillə bağlı “ikinci və üçüncü məcburi müharibələrdən” mühüm dərslər çıxarıb və həm hücum, həm də müdafiə sahəsində əvvəlkindən daha güclü vəziyyətə gəlib.

“Barmaqlarımız tətiyin üzərindədir”, - deyə o bildirib.

Naderinin sözlərinə görə, Aerokosmik Qüvvələrdə döyüş taktikası, sistemlərin qorunması, şəxsi heyətin təhlükəsizliyi ilə bağlı yanaşmalar əvvəlki dövrlərlə müqayisədə tamamilə dəyişib.

O bildirib ki, üçüncü məcburi müharibə zamanı hərbi obyektlərdə həlak olanların sayı əhəmiyyətli dərəcədə azalıb və düşmən İranın əməliyyat qüvvələrinə ciddi zərbə vura bilməyib.