BAKI, 28 may. TELEQRAF
ABŞ-nin Vaşinqton ştatının Lonqvyu şəhərində kimyəvi maddə rezervuarının partlamasından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəisi Skott Qoldstin məlumat verib.
Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində çirkləndirici maddələrin çaya daxil olduğu təsdiqlənib. Hazırda ekoloji ziyanın miqyasını və səviyyəsini müəyyənləşdirmək üçün əlavə testlər aparılır.
Qoldstin bildirib ki, indiyədək ətraf ərazilərdə havanın keyfiyyətinə və Lonqvyu şəhərinin içməli su sisteminə mənfi təsir qeydə alınmayıb.
Yanğınsöndürmə xidmətinin rəhbəri sakinlərə hadisə yerinə yaxınlaşmamaq çağırışı edib. Hazırda mütəxəssislər partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, mayın 26-sı səhər saatlarında Lonqvyuda yerləşən “Nippon Dynawave Packaging” kağız-sellüloz müəssisəsində kimyəvi maddə saxlanılan rezervuarda daxili partlayış baş verib.
Hadisə nəticəsində müəssisənin yeddi əməkdaşı və bir yanğınsöndürən xəsarət alıb, iki nəfər ölüb, daha doqquz nəfər isə itkin düşmüş hesab olunur.
Rezervuarda sellüloz istehsalında istifadə olunan təxminən 600 min qallon (2,2 milyon litr) “ağ qələvi məhlulu” olub. Mütəxəssislərin qiymətləndirməsinə görə, rezervuarda hələ də təxminən 25 min qallon (94,6 min litr) kimyəvi maddə qala bilər.