BAKI, 27 may. TELEQRAF

Tehranın heç vaxt nüvə silahı əldə etməməsi üçün diplomatik səylər nəticəsiz olarsa, ABŞ işi bitirməyə tam hazırdır.

Teleqraf xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset bildirib.

"Ya danışıqlar aparanlar heç vaxt nüvə silahına sahib olmayacağına dair möhkəm zəmanət alacaqlar, ya da Müdafiə Nazirliyinə qayıdıb bu işi hərbi yolla başa çatdıracaq. Hər iki ssenariyə hazırıq", - deyə Heqset Nazirlər Kabinetinin iclasında vurğulayıb.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ tərəfindən tətbiq edilən sərt dəniz və iqtisadi blokada İran limanlarını tamamilə iflic edib və Tehranı danışıqlar masasına oturmağa məcbur edən də məhz bu böyük hərbi təzyiqdir.

“Bu müddət ərzində biz qlobal blokada tətbiq etdik: onlar İran limanlarına heç nə idxal edə, oradan heç nə ixrac edə bilməzlər. Kəşfiyyat məlumatlarından aydın şəkildə bilirik ki, onların iqtisadiyyatı böyük itkilərlə üzləşir, çünki bu dəniz arteriyaları onların əsas həyat mənbəyidir”, - deyə Heqset bildirib.