BAKI, 28 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Norveçin Fransanın nüvə çəkindirmə proqramında iştirakına razılıq verməsini iki ölkə arasında tərəfdaşlıq üçün mühüm mərhələ kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, Makron Yelisey sarayında Norveçin Baş naziri Yonas Qar Styöreni qəbul edərkən bildirib ki, Oslo rəhbərliyinin “irəlilədilmiş nüvə çəkindirməsi” təşəbbüsünə qoşulması tərəflər arasında ambisiyalı əməkdaşlığın hərəkətverici qüvvəsinə çevriləcək.

“Norveçin bizim “irəlilədilmiş nüvə çəkindirməsi” adlandırdığımız təşəbbüsə qoşulmasına razılıq verdiniz. Bu, tərəfdaşlığımız üçün çox mühüm mərhələdir və olduqca iddialı əməkdaşlığın mühərrikinə çevriləcək”, - Fransa lideri qeyd edib.

Makron və Styörenin iştirakı ilə Fransa və Norveçin müdafiə qurumlarının rəhbərləri Katrin Votren və Ture Sannvik müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə dair ikitərəfli sənəd imzalayıblar.

Qeyd edək ki, Makron mart ayında Fransanın qərbində yerləşən İl-Long hərbi dəniz bazasında çıxışı zamanı Avropa ölkələrinin Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulmasının gələcəkdə Avropa, Rusiya, ABŞ və Çin arasında yeni təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verəcəyini bildirmişdi.

Fransa Prezidenti daha əvvəl ölkəsinin “irəlilədilmiş çəkindirmə” konsepsiyasına keçmək niyyətində olduğunu açıqlayıb. Bu konsepsiya tərəfdaş ölkələrlə birgə təlimlərin keçirilməsini, eləcə də Fransanın strateji qüvvələrinin elementlərinin Avropa ölkələrinin ərazisində yerləşdirilməsini nəzərdə tutur.

Makron həmçinin Fransanın nüvə arsenalını genişləndirmək planlarını açıqlayıb və Parisin artıq döyüş başlıqlarının dəqiq sayını açıqlamaq niyyətində olmadığını vurğulayıb.