BAKI, 28 may. TELEQRAF

Almaniya hakimiyyəti Polşada ukraynalı qaçqınlar üçün güzəştlərin əhəmiyyətli dərəcədə azaldılmasından sonra ölkəyə gələnlərin sayının arta biləcəyindən narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti ölkənin təhlükəsizlik orqanlarının gizli hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, yeni şəraitdə daha çox ukraynalının Almaniyaya köçməsi mümkündür. Bildirilir ki, buna qeyri-qanuni miqrant daşınması ilə məşğul olan qaçaqmalçıların fəallaşması da təsir edir.

Sənəddə vurğulanır ki, artıq Almaniyanın şərq bölgələrində sərhədi qanunsuz keçən şəxslər arasında ukraynalılar mühüm qrup təşkil edir. Təhlükəsizlik orqanlarının məlumatına görə, söhbət əsasən hərbi xidmət yaşında olan kişilərdən gedir.

“Bild” yazır ki, 2022-ci ilin fevralından bəri Almaniyada təxminən 1,35 milyon Ukrayna vətəndaşı müdafiə statusu alıb.

Qeyd edək ki, mart ayında Polşada qüvvəyə minən yeni qanuna əsasən, ukraynalılar digər ölkələrdən olan qaçqınlarla eyni statusa salınıb. Nəticədə onların pul müavinətləri, pulsuz tibbi xidmət, kirayə xərclərinin kompensasiyası və pulsuz təhsil imkanları azaldılıb.