BAKI, 27 may. TELEQRAF
Koreya Xalq Demokratik Respublikasında yeni çoxməqsədli yüngül raket buraxılış sistemi və taktiki qanadlı raket sisteminin sınaqları keçirilib.
Teleqraf xəbər verir ki,sınaqları Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib.
Koreya Mərkəzi Telegraf Agentliyinin yaydığı məlumata əsasən, tədbir Milli Müdafiə Akademiyasının poliqonunda baş tutub.
Sınaqlar zamanı xüsusi taktiki ballistik raketin döyüş başlığının gücü, uzaqmənzilli 240 millimetrlik idarəolunan reaktiv mərminin naviqasiya etibarlılığı, eləcə də süni intellekt texnologiyaları ilə təchiz edilmiş taktiki qanadlı raketin dəqiqliyi yoxlanılıb.
Kim Çen In nəticələri yüksək qiymətləndirərək bunu ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm texniki irəliləyiş adlandırıb.
Məlumata görə, yeni taktiki qanadlı raket Şimali Koreyanın cənub sərhəd bölgəsində yerləşən uzaqmənzilli artilleriya briqadalarının silahlanmasına daxil ediləcək.
Bildirilir ki, raket yüksək dəqiqlikli naviqasiya sistemi və hədəfə yönəlmədə süni intellekt texnologiyalarını birləşdirir. Onun 100 kilometrədək məsafədə hədəfləri məhv etmək imkanına malik olduğu qeyd olunur.
Kim Çen In vurğulayıb ki, müasir döyüş şəraitinə uyğun olaraq atəş idarəetmə sistemləri və buraxılış qurğularının avtomatik sistemi tam yenilənib.
Şimali Koreya lideri həm nüvə, həm də ənənəvi silahlı qüvvələrin sürətlə gücləndirilməsi kursunun dəyişməz qalacağını bildirib və müasir silah istehsalının sürətləndirilməsi barədə tapşırıq verib.