BAKI, 24 may. TELEQRAF

Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava hücumu nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Məlumata görə, dağıntılar altından çıxarılan və xəstəxanalara müraciət edənlərin sayı artdıqca yaralıların ümumi sayı 56-ya yüksəlib, hücum nəticəsində 2 nəfər isə həlak olub. Hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.

***

10:55

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi hava hücumu nəticəsində həyatını itirənlərin sayı 2 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxta edilən hücum nəticəsində yaralananların sayı 56 nəfərə yüksəlib. Onlardan 30-u şəhər xəstəxanalarında müalicə alır. Yaralılar arasında iki uşaq da var.

Kiyev Şəhər Prokurorluğu ölən şəxslərin 86 və 44 yaşlı qadınlar olduğunu açıqlayıb. Bildirilib ki, xəsarət alanlar arasında 15 yaşlı oğlan və 12 yaşlı qız da var.

***

09:36

Rusiyanın Ukrayna paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) zərbələri nəticəsində ciddi dağıntılar qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko məlumat yayıb.

Rəsmi qurumların məlumatına görə, Kiyevin bütün rayonları daxil olmaqla ümumilikdə 40-dan çox məkanda raket parçalarının düşməsi, dağıntılar və yanğınlar qeydə alınıb. Ardıcıl hücumlar nəticəsində çoxmərtəbəli yaşayış binaları, yataqxana, biznes mərkəzi, məktəblər və infrastruktur obyektləri ciddi zərər görüb.

Son rəsmi məlumatlara əsasən, hücum nəticəsində 1 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 13-ü xəstəxanalara yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, müxtəlif rayonlarda fəsadların aradan qaldırılması üçün xilasetmə və yanğınsöndürmə əməliyyatları davam etdirilir. Holosiyevski rayonundakı yanğın sahəsində partlamamış döyüş başlığı aşkar edildiyindən əraziyə pirotexnik mütəxəssislər cəlb olunub. Zərbələr səbəbindən "Lukyanovskaya" metro stansiyası sərnişinlərin girişi üçün müvəqqəti bağlanıb.