BAKI, 24 may. TELEQRAF

Ağ Ev yaxınlığında atəş açan şəxs ABŞ Məxfi Xidmət əməkdaşlarının cavab atəşi nəticəsində yaralanaraq xəstəxanada ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın jurnalisti Meridit Makqrou ABŞ Məxfi Xidmətinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, şənbə günü axşam saat 18:00-dan sonra naməlum şəxs 17-ci küçə və Pensilvaniya prospektinin şimal-qərb hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb.

İlkin araşdırmaya əsasən, həmin şəxs çantasından silah çıxararaq növbədə olan əməkdaşlara atəş açmağa başlayıb.

Məxfi Xidmət əməkdaşları cavab atəşi açaraq şübhəlini yaralayıblar. O, yerli xəstəxanaya çatdırılsa da, sonradan aldığı yaralardan həyatını itirib.

***

02:24

ABŞ paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında atəş səslərinin eşidildiyi, jurnalistlərin isə təhlükəsizlik məqsədilə brifinq zalına sığınmağa məcbur edildiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ mediasının jurnalistləri sosial şəbəkələrdə məlumat yayıblar.

“ABC News”un müxbiri Selina Van Ağ Ev binasında olarkən çoxsaylı atəş səsləri eşitdiyini bildirib. Onun sözlərinə görə, bundan sonra jurnalistlərə dərhal mətbuat brifinqləri zalına keçmək tapşırılıb.

“Biz Ağ Evdə olarkən çoxlu atəş səsləri eşidildi. Bizə brifinq zalına qaçmağımız deyildi”, – deyə jurnalist qeyd edib.

“NBC News”un jurnalisti Culi Tsirkin də məlumatı təsdiqləyərək, təxminən 20-30 atəş səsi eşitdiyini bildirib. Hadisə ilə bağlı rəsmi açıqlama hələ verilməyib.