BAKI, 7 may. TELEQRAF

ABŞ-nin Nyu-York federal məhkəməsi maliyyəçi Ceffri Epşteynə aid olduğu ehtimal edilən məktubu ictimailəşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, məktub 2019-cu ilin iyulunda Epşteynin kamerada huşsuz vəziyyətdə olduğu vaxt onun kamera yoldaşı Nikolas Tartalyone tərəfindən tapılıb.

Nəşr qeyd edib ki, hadisə Epşteynin bir neçə həftə sonra həbsxana kamerasında ölü tapılmasından əvvəl baş verib.

Məktubda istintaqın aylarla araşdırma apardığı, lakin heç nə tapmadığı bildirilib. Mətnin sonunda isə “əyləncə yoxdur” və “buna dəyməz” ifadələri yer alıb.

“The New York Times” vurğulayıb ki, məktubun həqiqətən Ceffri Epşteyn tərəfindən yazıldığını təsdiqləmək mümkün olmayıb.

Qeyd edək ki, Epşteyn 2019-cu ilin iyulunda saxlanılmışdı. ABŞ prokurorluğu onun 2002-2005-ci illərdə azyaşlı qızların Manhettendəki evinə gətirilməsini təşkil etdiyini açıqlamışdı. İş üzrə ən kiçik qurbanın 14 yaşında olduğu bildirilirdi.

Ceffri Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında ölü tapılmış, bundan sonra ona qarşı cinayət işi bağlanmışdı.