BAKI, 29 aprel. TELEQRAF

Yaponiya hökuməti “İdemitsu Maru” tankerinin Hörmüz boğazından keçidi üçün İrana heç bir ödəniş etməyib.

Teleqraf "Nikkei" qəzetinə istinadən xəbər verir ki, gəminin keçidi Tokio ilə Tehran arasında aparılan danışıqlar nəticəsində mümkün olub.

Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, bu razılaşma birbaşa danışıqlar yolu ilə əldə edilib və keçid üçün hər hansı rüsum ödənilməyib.

Məlumata görə, daha əvvəl "Tasnim" agentliyi “İdemitsu Maru” tankerinin İranın yardımı ilə Hörmüz boğazından keçdiyini bildirmişdi. Yaponiya neft emalı şirkəti “İdemitsu Kosan”a məxsus gəminin 2 milyon barel neft daşıdığı qeyd olunur.

Şirkət isə təhlükəsizlik səbəblərini əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra Tehran Hörmüz boğazını onlarla əlaqəli ölkələrin gəmiləri üçün bağlayıb. Münaqişə dövründə icazəsiz keçidə cəhd edən bir sıra tankerlərin hücuma məruz qaldığı bildirilir.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi martın 25-də dost ölkələr, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistan üçün boğazdan keçidə icazə verildiyini açıqlayıb.