BAKI, 29 aprel. TELEQRAF
İsrail prezidenti İsxak Hersoq baş nazir Benyamin Netanyahu ilə bağlı işlər üzrə tərəflərin danışıqlar aparması təşəbbüsü ilə çıxış edib.
Teleqraf xəbər verir ki, prezidentin hüquqi müşaviri Mixal Tsuk-Şafir tərəflərə məktub göndərərək onları prezident iqamətgahında danışıqlara dəvət edib. Məqsəd Netanyahu ilə bağlı mümkün əfv məsələsinə baxılmadan əvvəl razılaşmanın əldə olunmasıdır.
Məlumata görə, bu proses yalnız ilkin mərhələ hesab olunur və prezidentin əfv səlahiyyətlərindən istifadə edib-etməməsi barədə qərardan əvvəl həyata keçiriləcək.
Qeyd olunub ki, tərəflərə bildirilib: danışıqlarda iştirak etmək hər hansı mübahisəli məsələdə razılıq verilməsi anlamına gəlmir və məhkəmə prosesində onların mövqeyinə təsir göstərmir.
Bildirilir ki, prezident tərəflər arasında razılaşma imkanlarının əvvəlcə tam şəkildə araşdırılmasının vacib olduğu qənaətinə gəlib. Bu məqsədlə ittiham və müdafiə tərəflərindən mayın 3-dək belə məsləhətləşmələrə hazır olub-olmadıqları barədə cavab vermələri istənilib.
Məlumata görə, Netanyahu korrupsiya ilə bağlı üç iş üzrə ittiham olunur. Ona qarşı qanunsuz hədiyyələrin qəbulu, media sahəsində saxtakarlıq və rüşvət ittihamları irəli sürülüb. O isə bütün ittihamları rədd edir. Məhkəmə prosesi 2020-ci ildən Tel-Əviv və Qüds şəhərlərində davam edir.