BAKI, 14 aprel. TELEQRAF

Meksikanın Xarici İşlər Nazirliyi ABŞ-də miqrantların saxlanıldığı mərkəzlərdə insan haqlarının pozulduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu açıqlama ABŞ-də saxlanılan Meksika vətəndaşının ölümündən sonra verilib.

Məlumata görə, Meksika XİN saxlanma şəraitinin ciddi çatışmazlıqlarla müşayiət olunduğunu və insan hüquqları standartları ilə uyğun gəlmədiyini vurğulayıb.

Nazirlik qeyd edib ki, bu cür ölüm hallarının təkrarlanması qəbuledilməzdir və ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) mərkəzlərində ciddi problemlərin mövcudluğunu göstərir.

Bildirilib ki, aprelin 11-də Luiziana ştatının Vinnfild dairəsində yerləşən Vinn islah mərkəzində saxlanılan Meksika vətəndaşı həyatını itirib. Hazırda ölümün səbəbləri araşdırılır.

Qeyd olunur ki, Meksika hökuməti məsələ ilə bağlı bütün hüquqi və diplomatik imkanlardan istifadə edəcək və xaricdə yaşayan vətəndaşlarının hüquq və ləyaqətinin qorunmasına sadiq qalacaq.