BAKI, 14 aprel. TELEQRAF

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans başlayıb.

Teleqraf-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, qadınların süni intellekt sahəsinə, rəqəmsal sahəyə cəlb olunması dayanıqlı inkişafda əsas məsələlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycanda qadınların bu sahəyə cəlb olunmasına pozitiv baxılmalıdır:

"Qadınların innovasiya, rəqəmsal sahədə iştirakı gücləndirilməlidir. Artıq müzakirələrimizi praktikaya çevirmə zamanıdır".

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır: "Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir".

Leyla Əliyeva Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyib.

“Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Minlərlə həvəsli qadınların proseslərə cəlb olunmasına nail olmuşuq. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir. Bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur”, - deyə vurğulayıb.

Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, qadınların texnologiyalara əlçatımlığı çox vacibdir.

Türkiyədə qadınların bacarıqlarını gücləndirmək və inkişaf etdirmək üçün tədbirlər görülür. Qadınların iqtisadi sahədə fəaliyyətini dəstəkləyirik. Gənc qızlara öz gələcəklərini qurmaq üçün müəyyən proqramlar təklif edirik.

Süni intellekt vasitəsilə gözəl imkanlar yaradılır. Ümumiyyətlə, süni intellekt insana bir çox şərait yaradır və fikrimcə, qadınlar bu kimi texnologiyalardan yararlanmağı bacarmalıdır. Bu baxımdan məlumatlandırma da prioritet istiqamətlərdəndir", - o vurğulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay qeyd edib ki, etimadın güclləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir: "Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə sahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkü konfransımızın mövzusunu daha da aktual edir".

***

09:09

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.

Teleqraf xəbər verir ki, konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri olacaq.

Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb. İclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.