BAKI, 14 aprel. TELEQRAF

"Qadın sahibkarlığına töhfə vermək və gücləndirmək üçün türk dövlətlərindən güclü qadınları bir araya gətirmək mümkündür".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdəm Ərdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda panel müzakirədə deyib.

O bildirib ki, mütləq şəkildə təcrübə paylaşmaq üçün proqramlar, onlayn platformalar olmalıdır.

"Türkiyədə qadınlara dəstək proqramı var. O proqrama qoşulan qadınların sayı minlərlədir. Həmçinin şiddəti izləyən bir mərkəz var. Universitetlərdə də qadın araşdırmaçılar üçün bir mərkəz mövcuddur. Azərbaycanda da bu təcrübələri istifadə etmək olar", - o vurğulayıb.

Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi Nurqül Tau qeyd edib ki, Qazaxıstanda 48% subyektə qadınlar sahibkarlıq edir.

O bildirib ki, Qazaxıstanda qadınlara vergi güzəştləri mövcuddur.

"Qadınların ictimai həyatda rollarının gücləndirilməsi bundan sonra da davam edəcək. Azərbaycanda da qadın sahibkarlığında bütün səviyyələr üzrə aktivliyi müşahidə etdim".