BAKI, 14 aprel. TELEQRAF
İran ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablamalara görə 270 milyard dollar olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani məlumat verib.
Məlumata görə, o bildirib ki, daha dəqiq rəqəmlər hökumətin iqtisadi bloku tərəfindən mərhələli şəkildə aparılan qiymətləndirmələrdən sonra açıqlanacaq.
Qeyd olunur ki, İranın danışıqlar qrupu ABŞ-dən hərbi təzminatların alınması məsələsini də gündəmdə saxlayır və bu mövzu İslamabadda keçirilmiş son danışıqlarda müzakirə olunub.
Fatimə Mühacirani vurğulayıb ki, İran xalqının hüquqları, o cümlədən həyatını itirən şəxslərlə bağlı kompensasiya məsələsi hüquqi yollarla müdafiə ediləcək.
Məlumata görə, İran və ABŞ arasında danışıqların ikinci mərhələsinin aprelin 16-da keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, İran nüvə proqramından imtina etmədiyi təqdirdə hər hansı razılaşma mümkün olmayacaq.