BAKI, 14 aprel. TELEQRAF

"Müasir dövrdə qadınların iqtisadi fəaliyyətinin artırılması, maliyyə resurslarına çıxışının təmin edilməsi, regional inkişaf tədbirlərinə qatılması prioritet istiqamətlərdəndir".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda panel müzakirədə deyib.

O bildirib ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və təşviq tədbirlərinin genişləndirilməsi çox vacibdir:

"Qadın sahibkarlığının inkişafı üçün əlverişli mühit yaradılması, qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır".

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, indiyədək kənd yerlərində 780 qadın öz özünü işlə təmin edib.

O qeyd edib ki, kənd yerlərində yaşayan qadınların regionlara töhfəsini artırmaq və təmin etmək çox vacibdir: "Biz artıq onların məhsullarının bazara çıxarılması və brendləşdirilməsi kimi məsələlərin tənzimlənməsi mərhələsindəyik. Kollektiv qadın biznesləri geniş vüsət alır".