BAKI, 13 aprel. TELEQRAF
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsün Köhnə şəhərində yerləşən “Əl-Əqsa” məscid kompleksinə səfər edib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Ben-Qvir bu səfəri zamanı yəhudilər üçün daha geniş ibadət imkanlarının yaradılmasını dəstəklədiyini bildirib.
Məlumata görə, “Əl-Əqsa” kompleksi Yaxın Şərqin ən həssas dini məkanlarından biri hesab olunur. Yəhudilər üçün “Məbəd dağı” kimi tanınan bu ərazi iudaizmdə ən müqəddəs yer, islamda isə üçüncü ən müqəddəs məkan sayılır.
Bildirilir ki, mövcud qaydalara əsasən, kompleks İordaniyanın dini qurumu tərəfindən idarə olunur və yəhudilərə burada ziyarətə icazə verilsə də, ibadət etmələrinə icazə verilmir.
İordaniya Xarici İşlər Nazirliyi Ben-Qvirin səfərini status-kvonun pozulması kimi qiymətləndirərək bunu “təxribat” adlandırıb. Fələstin rəhbərliyi isə bu addımın regionda gərginliyi daha da artıra biləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl də bu cür səfərlər bölgədə narazılıq və qarşıdurmalara səbəb olub.