BAKI, 12 aprel. TELEQRAF

Amerikalı sahibkar İlon Mask bildirib ki, Cənubi Afrika Respublikası “Starlink” peyk rabitə sisteminə lisenziya verməkdən imtina edib və bunu filial rəhbərinin qaradərili olmaması ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Cənubi Afrika hakimiyyəti onun doğulduğu ölkədə “Starlink”ə fəaliyyət icazəsi vermir.

Onun sözlərinə görə, şirkətə bir neçə dəfə filial rəhbərinin qaradərili kimi təqdim olunması şərti ilə lisenziya əldə etmək təklif edilsə də, o, prinsipial olaraq bundan imtina edib.

Mask həmçinin ölkə hakimiyyətini açıq-aşkar irqçilikdə ittiham edib və yerli siyasətçilərin diskriminasiya siyasətini tənqid edib.

Qeyd olunur ki, Mask iki ildən artıqdır “Starlink” üçün Cənubi Afrikada fəaliyyət lisenziyası almağa çalışır. Ölkə qanunvericiliyinə əsasən isə şirkətdən biznesin müəyyən hissəsinin tarixən ayrı-seçkiliyə məruz qalmış yerli əhali qruplarına verilməsi tələb olunur. Sahibkar bu tələbləri də irqçi adlandıraraq qəbul etməyib.