BAKI, 13 aprel. TELEQRAF
ABŞ rəhbərliyi İrana qarşı məhdud hərbi zərbələrin yenidən başlanması variantını müzakirə edir.
Teleqraf xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və onun müşavirləri Pakistanın paytaxtı İslamabadda keçirilən nəticəsiz danışıqlardan sonra bu addımı nəzərdən keçirirlər.
Məlumata görə, Vaşinqton bu yolla Tehranın müəyyən güzəştlərə getməsinə nail olmağı hədəfləyir. Eyni zamanda, genişmiqyaslı bombardmanların bərpası ehtimalı da istisna edilmir, lakin bunun regionda vəziyyəti daha da gərginləşdirə və ABŞ-ı uzunmüddətli münaqişəyə cəlb edə biləcəyi qeyd olunur.
Bildirilir ki, hər iki ssenari ciddi risklər daşıyır: genişmiqyaslı əməliyyatlar ABŞ-nin silah ehtiyatlarının azalmasına səbəb ola bilər, zərbələrin məhdudlaşdırılması isə Tehranın qələbəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, 11 aprel tarixində ABŞ və İran arasında İslamabadda bir neçə raund danışıqlar keçirilib. İran nümayəndə heyətinə Məhəmməd Baqer Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Danışıqlar nəticəsində tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyiblər.