BAKI, 5 aprel. TELEQRAF
Almaniyanın şimalında ağacın insanların üzərinə aşması nəticəsində azı 3 nəfər, o cümlədən 10 aylıq uşaq həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Şlezviq-Holşteyn federal torpağının Zatruppholm yaşayış məntəqəsində baş verib. Təxminən 30 metr hündürlüyündə olan ağac insanların üzərinə düşüb.
Nəticədə 21 yaşlı qadın, onun 10 aylıq qızı və 16 yaşlı yeniyetmə hadisə zamanı ölüb. Uşaq ağır vəziyyətdə helikopterlə Kiel xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın və yeniyetmə isə hadisə yerində ölüb.
Bildirilir ki, daha bir 18 yaşlı qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digər şəxslər isə yüngül xəsarətlər alıb.
Hadisə yerli vaxtla saat 11:00 radələrində meşə ərazisində qeydə alınıb. Məlumata görə, ərazidə yaxınlıqdakı sosial müəssisənin təxminən 50-yə yaxın uşağı və əməkdaşları Pasxa yumurtası axtarışı üçün toplaşıbmış. Bu zaman ağac qəfil aşaraq insanların üzərinə düşüb.
Hadisə yerinə 80-dən çox xilasedici, yanğınsöndürən briqadalar və təcili yardım maşınları cəlb olunub, həmçinin iki helikopter əməliyyata qoşulub.