BAKI, 27 mart. TELEQRAF

İran Yaxın Şərqdə ABŞ hərbçilərini yerləşdirən hotellərə zərbələr endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Agentliyin İranın hərbi rəhbərliyindəki mənbələrə istinadən bildirdiyinə görə, belə xəbərdarlıqlar əsasən Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə yönəlib. Bildirilir ki, həmin ölkələrdəki hotel sahiblərinə Tehrandan mesaj göndərilərək ABŞ hərbçilərinin yerləşdirilməsindən çəkinmələri tövsiyə olunub.

Məlumata görə, məsələ təkcə Fars körfəzi regionu ilə məhdudlaşmır. ABŞ hərbçilərinin Beyrut və Dəməşq şəhərlərində hotellərdə qaldığı, həmçinin Cibutidə hava limanı yaxınlığındakı hərbi bazada yerləşdirildiyi qeyd olunur.

Agentlik iddia edir ki, ABŞ hərbçiləri həmin obyektlərdən çıxarılmasa, İran bu hotelləri və digər obyektləri legitim hərbi hədəf hesab edəcək.