BAKI, 26 mart. TELEQRAF
ABŞ Belarus Maliyyə Nazirliyinə, bu ölkənin iki bankına və "Belaruskali" şirkətinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Belinvestbank və Belarus İnkişaf Bankı məhdudlaşdırıcı tədbirlərdən azad edilir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən bildirişdə qeyd olunur ki, artıq Belarus Respublikası Maliyyə Nazirliyinə qarşı tətbiq edilən məhdudiyyətlərin saxlanılmasının əsası yoxdur. Nəticə etibarilə, bu məhdudiyyətlər ləğv edilir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Belinvestbank, eləcə də Belinvest-Engineering və BelBusinessLeasing şirkətləri ilə əməliyyatlara icazə verən 14 saylı Ümumi Lisenziya verib.
Ötən həftə ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Vaşinqtonun bu sanksiyaları ləğv etmək niyyətini açıqlayıb. O, Minskə səfər edib və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən qəbul edilib.