BAKI, 26 mart. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Altura tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçilik üçün ciddi təhdid adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli açıqlamasında bildirib.

"Bu gün Qara dənizdə Türkiyə tərəfindən idarə olunan və xam neft daşıyan Sierra Leone bayrağı altında üzən Altura tankerinə edilən hücumdan dərin narahatlıq duyuruq. Qara dənizdəki eksklüziv iqtisadi zonamız daxilində və beynəlxalq hüququ pozaraq baş verən bu və oxşar hücumlar bölgədə həyat, əmlak, gəmiçilik və ətraf mühit təhlükəsizliyi üçün ciddi təhlükə yaradır", - o qeyd edib.

O, Türkiyənin beynəlxalq hüquq çərçivəsində regiondakı iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq üçün lazımi tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.

Keçeli bildirib ki, müvafiq qurumlar hücumla əlaqədar lazımi araşdırmalar və texniki tədbirlər aparır. Gəmidə olan 27 türk ekipaj üzvü zərər çəkməyib.