BAKI, 26 mart. TELEQRAF

Fransada G7 ölkələrinin xarici işlər nazirlərinin nazirlər səviyyəsində görüşünün ilk işçi iclası başlayıb. Görüşdə beynəlxalq böhranların həlli, Ukraynaya dəstək, qlobal idarəetmədə islahatlar və sərhədyanı təhdidlərlə mübarizə mövzularında müzakirələr aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyindəki mənbələr qeyd ediblər ki, məqsəd, ilk növbədə Yaxın və Orta Şərqdə, eləcə də Ukraynada sülh və təhlükəsizlik maraqları naminə birgə hərəkət etmək üçün mövqeləri və təşəbbüsləri əlaqələndirməkdir.

Onlar əlavə ediblər ki, Parisdə genişləndirilmiş G7 formatını seçiblər və buna görə də daha beş tərəfdaş dövləti - Ukrayna, Səudiyyə Ərəbistanı, Braziliya, Cənubi Koreya və Hindistanı bu işdə iştirak etməyə dəvət ediblər.

Fransa Xarici İşlər Nazirliyi izah edib ki, gündəlik üç əsas tematik blok ətrafında qurulub: böhranların idarə olunması - Ukrayna, İran/Yaxın Şərq, Sudan, Qəzza, Haiti, Venesuela, Kuba, Hind-Sakit okean regionu. İkinci blok qlobal idarəetmə islahatı və yenidənqurma, üçüncü blok isə transsərhəd təhdidlərlə mübarizədir.