BAKI, 26 mart. TELEQRAF
Pakistan xarici işlər naziri İşaq Dar ABŞ və İran arasında dolayı danışıqlar aparıldığını bildirib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, mediada Yaxın Şərqdə davam edən münaqişənin dayandırılmasına yönəlmiş sülh danışıqları ilə bağlı “lazımsız spekulyasiyalar” yaranıb.
Dar qeyd edib ki, əslində ABŞ və İran arasında dolayı danışıqlar Pakistan vasitəsilə ötürülən mesajlar əsasında aparılır. Onun sözlərinə görə, bu çərçivədə ABŞ 15 bənddən ibarət təkliflər paketi təqdim edib və həmin məsələlər İran tərəfindən müzakirə olunur.
O, həmçinin Türkiyə və Misirin də daxil olduğu bir sıra ölkələrin bu təşəbbüsə dəstək verdiyini bildirib.
Pakistanın regionda sülh və sabitliyin təmin olunmasına sadiq qaldığını vurğulayan Dar dialoq və diplomatiyanın yeganə çıxış yolu olduğunu qeyd edib.