BAKI, 26 mart. TELEQRAF

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə gəmidə baş verən partlayışla bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, nazir Rusiyadan xam neft daşıyan, xarici bayraq altında üzən və Türkiyə tərəfindən idarə olunan gəminin maşın şöbəsində gecə yarısından sonra partlayış baş verdiyini bildirib. Hadisə barədə axtarış-xilasetmə mərkəzinə məlumat daxil olub, sahil mühafizəsi və digər aidiyyəti qurumlar dərhal hadisə yerinə yönləndirilib.

Uraloğlunun sözlərinə görə, ilkin ehtimallara əsasən, maşın şöbəsi hədəf alınıb və hadisənin pilotsuz dəniz aparatı vasitəsilə törədilmiş ola biləcəyi düşünülür. Nazir bunun dron hücumu olmadığını bildirib və partlayışın xarici mənbədən qaynaqlandığını, gəmini sıradan çıxarmaq məqsədi daşıdığını qeyd edib.

Hadisənin Rusiya–Ukrayna müharibəsi ilə əlaqəsinə gəlincə o, hazırda belə bir ehtimalın mövcud olduğunu, lakin dəqiq nəticə üçün araşdırmaların davam etdiyini deyib. Nazir əlavə edib ki, 27 nəfərlik heyətin hamısı Türkiyə vətəndaşıdır, xəsarət alan yoxdur və vəziyyət nəzarətdə saxlanılır.