BAKI, 26 mart. TELEQRAF
Martın 25-də Ermənistanın İtaliyadakı səfiri Vladimir Karapetyan Roma və Viterbo universitetlərində təhsil alan erməni tələbələrlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Görüşdə səfir Ermənistanın nəbzini hiss etmək, səfirliyin missiyası və planlaşdırılan tədbirlər və proqramlar haqqında məlumat əldə etmək və mümkün olduqda, erməni tələbələri ortaq proqramların həyata keçirilməsinə cəlb etmək üçün İtaliyada təhsil alan Ermənistan vətəndaşları ilə müntəzəm görüşlərin təşkilinin vacibliyini vurğulayıb.
O, Ermənistan-İtaliya münasibətlərinin hazırkı mərhələsindən danışıb, son əlaqələri və yaxın gələcəkdə planlaşdırılan yüksək səviyyəli görüşləri vurğulayıb.
Səfir Karapetyan həmçinin Ermənistanın xarici siyasət prioritetlərini və üzləşdiyi çətinlikləri təqdim edib, xüsusilə də regionda bərqərar olan sülhlə bağlı fikirlərini çatdırıb və Ermənistan-Azərbaycan əlaqələri və bu istiqamətdəki təşəbbüsləri vurğulayıb.
Görüş zamanı səfir Karapetyan Ermənistanda baş verən proseslərə, xüsusən də 7 iyunda keçiriləcək Milli Məclis seçkilərinə toxunub və Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən sülh gündəliyinin və 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşmaların alternativi olmadığını və bu gündəliyin seçki kampaniyasında əsas prioritet olduğunu qeyd edib.
Qeyd edək ki, görüşdə La Sapienza, LUISS, LUMSA, Università Cattolica del Sacro Cuore, Tor Vergata, Roma Biznes Məktəbi və Viterbodakı Universita della Tuscia universitetlərində təhsil alan 25 erməni tələbə iştirak edib.