BAKI, 13 mart. TELEQRAF

Niderlandın Hendrik-İdo-Ambax şəhərinin sabiq meri uşaq pornoqrafiyası saxlamaq şübhəsi ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Rijnmond" telekanalı məlumat yayıb.

Məlumata görə, istintaq materiallarında Herman Y. kimi göstərilən 77 yaşlı şəxs fevralın 17-də saxlanılıb. Rotterdam məhkəməsi onun barəsində 90 günlük ilkin həbs qətimkan tədbiri seçib.

Niderland prokurorluğu işi “həssas” adlandırıb və istintaqın maneəsiz aparılması üçün hələlik geniş məlumat yaymaq niyyətində olmadığını bildirib.

Prokurorluğun məlumatına görə, Hendrik-İdo-Ambax sakini olan şübhəlinin evində elektron məlumat daşıyıcıları götürülüb və hazırda həmin materiallar araşdırılır.

Qeyd edək ki, Herman Y. 1996-2011-ci illərdə Hendrik-İdo-Ambax şəhərinin meri olub. Daha sonra təqaüdə çıxıb. O, bundan əvvəl Şimali Brabant əyalətində yerləşən kiçik yaşayış məntəqələrindən birinin meri və Qaudada Əmək Partiyasının yerli bölməsinin rəhbəri vəzifələrində də çalışıb.