BAKI, 6 mart. TELEQRAF

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ni geridə qoyaraq dünyada yenidən birinci yerə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Hurun Report" tərəfindən hazırlanan "Hurun Global Rich List 2026" hesabatında qeyd olunub.

Hesabata əsasən, dünyada milyarderlərin sayı ilk dəfə 4 min nəfəri keçərək 4 020-yə çatıb. Çin 1 110 milyarderlə siyahıya başçılıq edir. Bu, ötən illə müqayisədə 287 nəfər çoxdur. ABŞ isə 1 000 milyarderlə ikinci yerdə qərarlaşıb və burada milyarderlərin sayı bir il ərzində 130 nəfər artıb.

Məlumata görə, siyahıdan 100-dən çox şəxs çıxsa da, dünyada milyarderlərin ümumi sayı il ərzində 578 nəfər artaraq rekord göstəriciyə çatıb. Siyahıya 726 yeni milyarder daxil olub ki, bu da orta hesabla hər gün dünyada iki yeni milyarderin ortaya çıxması deməkdir. Onların 318-i Çindədir.

Siyahıda üçüncü yeri 308 milyarderlə Hindistan tutur. Sonrakı yerlərdə Almaniya (171), Böyük Britaniya (150) və İsveçrə (114) qərarlaşıb. Rusiya 105 milyarderlə yeddinci sıradadır.

Hesabata görə, dünyanın ən varlı şəxsi yenə də İlon Mask olaraq qalır. Onun sərvəti 792 milyard dollar qiymətləndirilir. İkinci yerdə isə 300 milyard dollar sərvətlə Ceff Bezos qərarlaşıb.