BAKI, 6 mart. TELEQRAF
Ukrayna Macarıstanı ölkənin dövlət əmanət bankının əməkdaşlarını nağd pul daşıyarkən saxlamakda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiha bildirib ki, Ukraynanın dövlət əmanət bankının yeddi əməkdaşı Avstriyadan Ukraynaya nağd pul apararkən Macarıstan ərazisində saxlanılıb.
Onun sözlərinə görə, bank əməkdaşları iki avtomobildə hərəkət edərkən Macarıstan polisi tərəfindən saxlanılıb və hazırda onların harada olduqları məlum deyil.
Sibiha Macarıstanın bu addımını sərt tənqid edib.
“Əslində burada söhbət Macarıstanın girov götürməsindən və pulun oğurlanmasından gedir. Əgər cənab Orbanın elan etdiyi ‘təzyiq’ budursa, bu, cinayətkar dəstənin metodlarına bənzəyir. Bu, dövlət terroru və şantajdır”, – deyə Ukrayna XİN rəhbəri X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban daha əvvəl Budapeştin Ukraynanı Rusiya neftini Macarıstan neftayırma zavodlarına daşıyan “Drujba” boru kəmərinin fəaliyyətini bərpa etməyə siyasi və maliyyə vasitələri ilə məcbur edəcəyini bildirmişdi.