BAKI, 6 mart. TELEQRAF
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub ətraflarında yaşayan sakinləri ərazini tərk etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri əsasən “Hizbullah”ın nəzarətində olan Dahiyə bölgəsi də daxil olmaqla bir neçə iri yaşayış məntəqəsinin sakinlərinə evlərini tərk etmələri barədə xəbərdarlıq edib.
İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə "X"də yayımladığı müraciətdə sakinləri şərq və şimal istiqamətinə getməyə çağırıb.
“Canınızı xilas edin, evlərinizi dərhal tərk edin”, – deyə o bildirib və cənuba doğru hərəkətin həyat üçün təhlükəli ola biləcəyini vurğulayıb.
Xəbərdarlıqdan sonra Beyrutun cənub ətraflarından insanların kütləvi şəkildə çıxmağa başladığı, yolların avtomobillərlə dolduğu bildirilir.
İsrailin maliyyə naziri Bezalel Smotriç isə bildirib ki, Dahiyə bölgəsi tezliklə Qəzza zolağındakı Xan Yunis şəhərinə bənzəyəcək.