BAKI, 3 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, liderlər Türkiyə və Pakistan arasındakı ikitərəfli əlaqələri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Pakistanda törədilən terror aktlarını qətiyyətlə pislədiyini bildirib.

O, Türkiyənin terrorla mübarizədə hər zaman Pakistanın yanında olacağını vurğulayıb. Türkiyə lideri həmçinin Pakistan və Əfqanıstan arasında Ankaranın təşəbbüsü ilə əldə olunmuş atəşkəsin yenidən bərpası üçün ölkəsinin lazımi töhfələri verməyə hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı regiondakı son gərginlik də diqqət mərkəzində olub.

R.T.Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə bağlı regionda diplomatiyanın yenidən işə düşməsinin böyük fayda verəcəyini qeyd edib.

O, Türkiyənin bu istiqamətdə əlindən gələn dəstəyi verməyə hazır olduğunu ifadə edib.