BAKI, 27 fevral. TELEQRAF

ABŞ administrasiyası İranın nüvə proqramı məsələsində diplomatik variantın seçilməsinə üstünlük verir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

“Düşünürəm ki, biz hamımız diplomatik variantı üstün tutarıq”, - deyə o qeyd edib.

Bununla yanaşı, Vens Vaşinqton administrasiyasının İrana qarşı hərbi addım ehtimalını tam istisna etmədiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin qərarı İran tərəfinin atacağı addım və verəcəyi bəyanatlardan asılı olacaq.

Vitse-prezident əlavə edib ki, ABŞ keçmişdə Yaxın Şərqdə yol verdiyi səhvləri təkrarlamamalıdır. O bildirib ki, bir prezidentin hərbi münaqişədə uğursuzluğa düçar olması ABŞ-nin gələcəkdə heç vaxt hərbi əməliyyatlarda iştirak etməyəcəyi anlamına gəlmir.

Cey Di Vens həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp məsələyə ehtiyatla yanaşır və özü də digər ölkələrə hərbi müdaxilələrə skeptik münasibət bəsləyir.