BAKI, 25 fevral. TELEQRAF
Slovakiya Rusiya neftinin "Drujba" boru kəməri ilə nəqlinə icazə vermək istəməyən Ukraynaya qarşı yeni tədbirlər görməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib .
"Ukrayna prezidentinin bizə haqqımız olan, satın aldığımız şeyləri təmin etməkdə maraqlı olmadığını görsək, hökumət digər cavab tədbirlərinə hazırdır", - deyə o bildirib.
Fiko hansı konkret tədbirlərin görülə biləcəyini açıqlamayıb.
Rusiyadan başlayan "Drujba" neft kəməri Belarusdan keçərək Polşa və Almaniya istiqamətində, həmçinin Ukraynadan keçərək Macarıstan, Slovakiya və Çexiyaya qədər uzanır .
Yanvarın sonlarında Ukrayna bu kəmər ilə tranziti dayandırıb, Slovakiya və Macarıstanı Rusiya neftindən məhrum edib. Buna səbəb kimi ölkənin qərb hissəsindəki avadanlıqların hücum nəticəsində zədələnməsi göstərilib.
Ukraynanın hərəkətlərinə cavab olaraq Macarıstan Rusiya əleyhinə 20-ci sanksiya paketini və 90 milyard avroluq Aİ kreditini bloklayıb. Slovakiya da Ukraynaya elektrik təchizatını dayandırıb.